“McLaren” səhrada parladı – Piastri ikinci qələbəsini qazandı, Ferstappen geridə qaldı!

Yaponiya Qran Prisindən bir neçə gün sonra “Formula-1” üzrə dünya çempionatının iştirakçıları Bəhreynə gəliblər – Saxir avtodromunda mövsümöncəsi testlərdə sərin hava şəraitində çalışan komandaları bu dəfə səhra istisi qarşılayıb.

 

Cümə günü sərbəst yürüşlər zamanı Saxir avtodromunun sərt asfalt örtüyü günəş şüaları altında 48 dərəcəyə qədər isinib. Bu ekstremal şəraitdə yenə də üstünlüyü “McLaren” qazanıb – günün ilk sessiyasında Lando Norris, axşam isə süni işıqlar altında, nisbətən soyumuş trasda Oskar Piastri rəqiblərindən fərqləniblər.

 

Bu çətin hava və tras şəraitində təkərlərin yeyilməsini ustalıqla idarə edən Oskar Piastri şənbə günü həm sərbəst məşqlərdə, həm də sıralanma turunda parlayaraq rəqiblərinə şans verməyib. Nəticədə, avstraliyalı pilot karyerasında və bu mövsümdə ikinci poulunu qazanıb. Komanda yoldaşı Lando Norris isə eyni uğuru təkrarlaya bilməyib – etdiyi səhv nəticəsində 6-cı yerə sahib olub.

“Mercedes” sürücüləri Corc Rasl və gənc komanda yoldaşı Kimi Antonelli sıralanma turunda sürpriz edərək müvafiq olaraq 2-ci və 4-cü yerləri tutublar. Onların arasına isə “Ferrari”dən Şarl Lekler yerləşib. Lakin sessiya zamanı “Haas” sürücüsü Esteban Okonun qəzası nəticəsində dalğalanan qırmızı bayraqlardan sonra “Mercedes”in qayda pozuntusuna yol verdiyi aşkarlanıb. Nəticədə, hər iki sürücü startda bir yer geriyə atılıb. Bu dəyişikliklərdən sonra Lekler 2-ci, sıralanma turunun parlaq simalarından olan “Alpine” pilotu Pyer Qasli isə 4-cü yerə yüksəlib.

 

Havanın kəskin istisi və asfaltın sərtliyi komandaları yarışa müxtəlif strateji həllər tətbiq etməyə məcbur edib. Yarışın startında “Pirelli”nin təqdim etdiyi bütün təkər tərkiblərinə rast gəlmək mümkün idi – komandalar biri-birindən fərqli yanaşmalarla çıxış ediblər. Qırmızı işıqlar sönən andan etibarən Oskar Piastri liderliyi ələ alıb və ilk döngəyə qədər mövqeyini qoruyub. Daha sərt təkərlərlə start alan Şarl Lekler isə yerini itirib – onu Corc Rasl və Lando Norris qabaqlayıblar. Lakin çox keçmədən məlum olub ki, Norris start prosedurunu pozduğu üçün 5 saniyəlik cəza alıb.

 

Bəhreyn Qran Prisində asfaltın sərtliyi və səhra istisi komandaları fərqli strateji həllərə yönəltdi. Yarışın əvvəlindən sonuna qədər liderliyini qoruyan Oskar Piastri Təhlükəsizlik Maşınından (TM) sonrakı restartda da mövqeyini itirmədi və qələbəyə gedən yolu əmin addımlarla keçdi.

Piastri ilə müqayisədə daha çətin ssenari ilə üzləşən Lando Norris isə əsl döyüş ruhu göstərdi. Cəza səbəbindən “Ferrari” sürücülərinin gerisinə düşən britaniyalı pilot əvvəlcə “günün sürücüsü” seçilən Lyuis Həmiltonun müqavimətini qırdı, ardınca isə Şarl Lekleri geridə qoymağa nail oldu. Yarışın sonlarına yaxın problemlərlə üzləşən Corc Rasla bir neçə dəfə hücum edən Norris, buna baxmayaraq, üçüncü pillədə finiş gördü.

“Ferrari” bu yarışda fərqli strategiyalar tətbiq etsə də, Bern Maylanderin idarə etdiyi Təhlükəsizlik Maşını planları pozdu. Buna baxmayaraq, həm Həmilton, həm də Lekler podium uğrunda mübarizədə sonadək var gücü ilə mübarizə apardılar.

“Alpine”dən Pyer Qasli bu mövsüm ilk dəfə xallar qazanaraq həm özü, həm də komandası üçün uğurlu nəticə əldə etdi. “Haas” isə gözlənilməz nəticə ilə diqqət çəkdi – şənbə günü qəzaya uğrayan Esteban Okon 8-ci, debütant Oliver Berman isə 10-cu olaraq xal zonasına düşməyi bacardılar.

 

 

Beləliklə, podiumda Piastri, Rasl və Norris yerləşib. Oskar Piastri mövsümdə ikinci qələbəsini qazanaraq, həm də çempionatda 2-ci yerə yüksəlib. Avstraliyalı sürücü 74 xal toplayıb və komanda yoldaşı Lando Norrisdən yalnız 3 xal geri qalır (77 xal). Yarışın sonunda 6-cı yerə yüksələn Maks Ferstappen isə Norrisdən 8 xal geridə qalır (69 xal). 4 yarışda 3-cü dəfə podium qazanan Corc Rasl isə 63 xal toplamağı bacarıb.

Komandalar mübarizəsində “McLaren”in “Mercedes” üzərində ciddi üstünlüyü mövcuddur – 151 xal 93 xala qarşı.

Növbəti mübarizə Səudiyyə Ərəbistanının Ciddə şəhərinin küçələrində salınmış şəhər halqasında davam edəcək.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency