Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etdi. Formula 1 Azərbaycan Qran Prisi növbəti rekorda imza atdı. 13-15 sentyabr tarixlərində baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 minə yüksəlib. Tribunalar daha yarış başlamamış tam doldu! Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il daha yeni 2 tribuna quraşdırılmaqla ümumilikdə tribunaların sayını 10-a çatdırdı. Ötən illə müqayisədə izləyici yerlərinin sayında 35 faiz artım oldu. Maraqlı faktlardan biri yerli azarkeşlər sayına görə top 5 ölkə sırasında yer almasıdır. Yüksələn marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.
Bu il könüllü və marşal müraciətləri də rekord həddə çatıb . Belə ki, yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb. 2 minə yaxın könüllü seçim mərhələlərindən uğurla keçməklə iştirakını təsdiq edib. Yarış müddətində 1400-ə yaxın marşal cəlb olunub. Onlardan 100-dən çoxu əcnəbi olub.
Builki Bakı yarışını 300-ə yaxın media nümayəndəsi işıqlandırdı. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlər idi. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer alaraq, 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşdılar.
Yarış həftəsonu təkcə qəzalarla deyil, həm də əyləncə və konsert proqramı ilə dolu idi. Fan zonada bu il ilk dəfə Formula 1-ə aid bütün aktivasiya quraşdırılmışdı. Dünyaca məşhur əyləncə aktivasiya stendləri, tanınmış pilotlarla keçirilən avtoqraf sessiyaları, musiqi proqramları və rəqslər azarkeşlərə unudulmaz anlar bəxş etdi.
Bundan başqa, Crystal Hall-da keçirilən konsertlər – Uill Smit, DJ Black Coffee və J Balvinin səhnə performansları – həftəni əsl əyləncə festivalına çevirdi.
Yarışın özü isə tamaşaçıları hər an diqqətdə saxladı. Bakı treki yenə öz məşhur dar döngələri və sürətli düz yolları ilə pilotlara çətin anlar yaşatdı. Ard-arda qəzalar həyəcanı daha da artırdı. Red Bull-un pilotu gözlənilmədən divara çarpıldı, Ferrari komandasının maşını isə döngədə kontroldan çıxdı Ən maraqlı məqam, Maklarenin gənc pilotu Oskar Piastrinin ustalıqla toqquşmalardan qaçaraq, 51 dövrəni lider olaraq tamamlaması oldu. Bu çətin şəraitdə Piastrinin göstərdiyi performans uzun müddət yadda qalacaq. Ferrarinin Şarl Lekleri və Mersedesin Corc Raslı isə sıx rəqabət apararaq ikinci və üçüncü yerləri tutdular.
Bu il Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərin rahatlığı üçün yarışla əlaqədar bağlanmış yolları sürətlə açdı. Nəqliyyat məhdudiyyətləri 8 ildə ilk dəfə olaraq 24 saat tamam olmadan aradan qaldırıldı.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 idmanla əyləncəni bir araya gətirərək, həm azarkeşlərə, həm də iştirakçılara unudulmaz yarış həftəsi yaşatdı.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency